ABOUT ME

I am a photographer who is working in Germany in financial sphere and loves to travel and take photos of different places...

CONTACT INFO

Email: farhan.huseynli@gmail.com

Phone: +4917630167484

FOLLOW ME

Martın 16-sı endik Roma hava limanına. Qarşıda bizi düz 1 həftə Roma tətilləri gözləyirdi. Təəssüf ki, limana endikdə hava o qədər də yaxşı deyildi. Ancaq bu şəhərə həm də bir növ rəng qatırdı. Romanı həm də gərək yağışlı görəydin.

Taksi vaxtında gəldi və biz maşına mindik. Ailəlikcə (anam və qardaşımın ailəsi) getdiyimizə görə əlbəttə ki uşaqlara görə (iki balaca “şeytanlar” Sara and Maya) mütləq taksi lazım idi. Maşına mindik və yola düşdük. Sürücümüz iri bədənli mehriban bir italyan idi. Bir çoxları kimi o da ancaq “yes” – “no” bilirdi. Bu zaman ərzində radio sakit səslə eşidilir, səsi inamla gələn radiodakı kişi isə nəyisə həvəslə müzakirə edirdi. Dili bilməsəm də başa düşdüm ki, söhbət SERİA A-dan (italyan futbol liqasından) gedir. Əlbəttə, İtaliyada bundan daha vacib nə ola bilərdi?! Bu bir növ “İtaliyaya xoş gəldin” idi.

Otelə çatdıq. Otel şəhərin mandarin villaları adlanan hissəsində yerləşirdi. Əslində kifayət qədər uyğun bir yer idi. Metroya 12 dəqiqə, Kolizeyə 20 dəqiqə, şəhərin mərkəzinə isə ayaqla yarım saata çatmaq olardı. Hesab edirəm ki, bir fotoqraf ictimai nəqliyyatlardan nə qədər az istifadə eləsə bir o qədər yaxşı olar.

 

Hotelin küçəsi
Hotelin küçəsi

Hotelin küçəsi

 

Mandarin villalarındakı siravi villalardan biri

 

Hoteldə yerləşdik amma artıq axşama yaxın olduğundan tək mən çıxmaq qərarına gəldim. Çıxdıqca Roma məni təəccübləndirə bildi. Ürəyimə yatan bir kadrı yaxalaya bildim.

                                                                                                    Romada çiskin

 

Bu şəkildə bütün Romanı hiss edə bilərdiz. Qaydanı pozanlar, şəhərdə olduqca çox rast gəldiyim skuterlar, köhnə qırmızı Fiat, xaotik yol və qədmi tikililər. Bütün bunlar şəhərə xas idi.

 

Yağışda çətirlə velosiped sürən yaşlı kişi

 

Yoluma davam etdim. Qeyd etməliyəm ki italyanlar olduqca istiqanlı və mehriban insanlar kimi məndə təsir buraxdılar. Hərçənd ki, eyni zamanda kifayət qədər emosional. Gəlib düşdüyüm ərazini kəşf edənə qədər axşam düşdü.

 İtalyan pendiri və donuz budu

 

Kolizey gecə

 

Romada daha bir axşam

 

Ötən insanlar

 

Mən gecə şəkilləri çəkdikcə yaşlı italyanlar mənə yaxınlaşır və italyan dilində nəsə soruşmağa çalışırdılar. Sonda bir-birimizə nəyisə jestlərlə başa salıb yolumuza davam edirdik. Bu arada qeyd etməliyəm ki, jestlər italyan kültüründə çox əhəmiyyətli bir yükə malikdir və mən bu italyan jestlərini çox sevdim. Gecə çəkilişlər edərkən bəzən sadəcə yaxınlaşanlar olurdu. Məsələn çayın kənarı ilə gedərkən arxamca bir qrup gənc gəlirdi və onlarda bir oğlan mənə yaxınlaşıb sözə başladı. Öyrəndim ki ABŞ-dandır burada isə memarlıq oxuyur. 300 metr onunla danışaraq getdik sonra isə yollarımız ayrıldı. Biraz qəribədir, gözləmədiyin anda hansısa maraqlı bir insana rast gəlirsən, onun təcrübəsini öyrənirsən və sonra o sənin həyatından necə sürətlə gəlmişdirsə elə də çıxır gedir. Roma belə xoş təsadüf və təəccüblərlə dolu idi.

 

İtaliyada daha bir sevdiyim şey, onların mətbəxi oldu. Gözləmədiyim müxtəlif çeşidli yeməklərlə rastlaşdım hamısı da biri-birindən dadlı. Şübhəsiz, italyan pizzası, pastası, lazanyası çox dadlıdırlar amma məsələ bununla bitmir. Seçdiyimiz Chianti restoranında düyü ilə ət sifariş etmək qərarına gəldim və bu nə qədər adından bəsit səslənsə də son dərəcə dadlı bir şey oldu.

 

Həmin o yemək

 

Yadımda ikən qeyd edim ki, mən yeməkləri gələn kimi çəkə bilmirəm. O qədər tez dadlarına baxmaq istəyirəm ki hər dəfə bu bir balaca yeyəndən sonra yadıma düşür. Bu yeməkdə məxsusi olaraq sousu qeyd etmək istərdim. Ümumiyyətlə əgər Romaya nə vaxtsa yolunuz düşsə, sizə Chianti restoranını tövsiyyə edirəm. Hətta mənim qardaşım hansının ki böyük Avropa mətbəxi təcrübəsi var, qeyd etdi ki bu onun indiyədək olduğu ən dadlı hazırlayan restoranlardan biridir.

İtaliyada bir şeyi qeyd etdim ki, restoranlar Almaniya ilə müqayisədə o qədər də baha deyil. Amma ola bilsin ki Almanların illik gəliri İtalyanlardan daha çoxdur. İtaliyada restoranlarda gənclərə daha çox rast gəlmək olar və onlar adətən dadlı yeməklə yanaşı restoranlara pul xərcləməyə də çəkinmirlər. Almaniyada isə bu müəyyən qədər əksinədir. Gənclər adətən tələbə ikən özlərinə bunu icazə vermirlər.

 

Lazanya

 

Həyatımda yediyim ən dadlı pizza

 

Chianti restoranı 

 

Pasta

 

Italyan şirniyyatı

 

Həyatımda yediyim ən dadlı dondurma

 

Italyan ustası

 

Bütün məsuliyyəti ilə deyə bilərəm ki, İtalyan mətbəxi yalnız pizza və pastadan ibarət deyil və əminəm ki sizi təəccübləndirəcək çeşidli yeməklərə məxsusdur və Avropada daddığım ən dadlı mətbəxdir.

Daha öncə qeyd etdiyim kimi, Roma xoş təəccüblərlə bol idi. Fidanın (qardaşımın yoldaşı) əlində Maya (qardaşımın qızı) yazılmış perqament gördüm. Soruşanda Fidan cavab verdi ki Mayaya dərzidə hədiyyə etdilər. Məlum oldu ki yoldan keçərkən Maya qaçıb girib dərzi dükanlarından birinə və dərzi oğlan onu gördükdən sonra bir perqamentdə onun adını yazaraq ona hədiyyə etdi. Perqamenti alıb geriyə döndüm və bir növ “şirinlik” olaraq dərziyə bir neçə avro qoymağı təkid etdim. Amma o qətiyyətlə etiraz etdi və dedi ki, “qoy bu Romadan ona hədiyyə olsun”.

 

həmin dərzi

 

Belə detallar kiçik bir şey də olsa sonralar bir şəhər və onun insanları haqda çox xoş təsir buraxacaq bir məqamlardır.

Yol hərəkəti Romada müəyyən qədər xaotik idi amma gözlədiyimdən daha xaotik yox. Tıxaclar olduğundan çox yerlərdə iki təkərli hərəkət vasitələrinə rast gəlmək olardı. Amma buna baxmayaraq romalılar piyada keçidində bir qayda olaraq saxlayırdılar. Bunu təəssüf ki Parisdə və Brüsseldə təcrübə etməmişdim.

 

Şəhərin mərkəzində qaydanı pozan sürücü

 

Solda boş piyada yolu olarkən yenə də yolun ortası ilə hərəkət etməyə çəkinmirdilər

 

Avtobus və tramvaylara biletləri bu kiosklardan almaq olardı. Gecələrçün isə avtomatlar da var.

 

Skuterlər

 

və yenə də skuterlər

 

Roma avtobusu

 

Romada tramvay, skuter və parkinq :)

 

Romanın tarixi önəmliliyi barədə bir bloq yazsan əlbəttə bəs etməz. Bir kitab da yazsan bəs etməz. Bu şəhər minillərlik tarixə malikdir və istənilən bir yerə getdikdə gözləmədiyin bir tarixi yerə rast gəlirsən.

 

Kolizey

 

Roma Forumu

 

Romanın ən qədim küçələrindən biri. Buradan daha kimlər keçməyib :)

 

Panteon

 

Vatikan keşikçisi

 

Romalıların başqa bir şikayət etdikləri məsələ də metro idi. Çünki istədikləri yerlərdə metro tikintisini apara bilmirlər 2 səbəbdən:

1) Tarixi abidələrin altını qazmaq olmur və Romada hara baxsan tarixi abidədir

2) Qazıntılar zamanı yeni hansısa bir tarixi tapıntıya rast gəlirlər və qazıntıları yarı yolda dayandırmalı olurlar

 

Kolbasa :)

 

Sezarın qəbri

 

Küçə musiqiçiləri, çox əla ifa edirdilər və möhtəşəm ab-hava yaratmışdılar

 

Bu linkdən onların 1 dəqiqəlik ifasına keçid ala bilərsiz:

https://youtu.be/cUN25jvDUNI

 

Köpük uçurdan

 

Küçə rəssamı

 

Bu cür küçə rəssamlarına Almaniyada da rast gəldim. Amma almanlar ki, almanlar. Alman küçə rəssamları bu spreylərin ciyərlərçün ziyan olduğundan şəkilləri əleyhqaz ilə çəkirdilər. Doğrudan da spreyin iyi çox güclü hiss olunurdu və təsəvvür edin bütün günü onunla nəfəs almaq.

 

Romada etiraz aksiyası

 

Dar məqamda köməyə çatan avtomat :)

 

Pizzalar

 

Sizinlə qalan şəkilləri paylaşaraq öz yazımı yekunlaşdırmaq istəyirəm. Çalışdım ki bacardığım qədər Romanın tarixi zənginliyinə az toxunum çünki bundan yazdıqca yazmaq olar. Roma – dünyada ilk dəfə Respublikanın yarandığı bir yerdir. Roma həm də emosionallığın, mehribanlığın, italyan ehtiraslarının, gözlərində heyranlıq parıltısı ilə aşıb-daşan bol turistlərin, küçədə sizə selfie satmaq istəyən asiyalıların, dadlı mətbəxin, hər addımda sizi təəccübləndirə biləcək və müəyyən konservativliyi ilə yanaşı komplekslərindən azad olan və həyatı yaşamağı sevən anlayışların məcmusudur. Bütün bunları yaşamaq istəyirsizsə, həyatınızda bircə dəfə də olsa sizə Romanı görməyi tövsiyyə edirəm.

Romadan şəkilləri paylaşarkən italyan xanım dostum mənə bu ismarıcı göndərdi:

“That’s why we need people like you, who travel and come in italy for the first time. You are still able to look at the city in a special magic way we’ve lost because used to what we see. thank you!” – “Bax buna görə bizə sənin kimi insanlar lazımdır, kim ki bizim itirdiyimiz bacarıqdan fərqli olaraq şəhəri yenidən məxsusi bir sehrlə görə bilər. Sağ ol!”

Dostumun söylədiyi kimi, Romaya hər il neçə milyon turistin gəldiyi fərq etməz. Roma hər dəfə yeni bir ehtirasla parlayır və sizin ona aşiq olacağınızı gözləyir!

Mən Romanı sevdim.

 

Roma küçələrini seyr edən cütlük

 

 

Gecə

 

Gecə yarısı

 

Çayda ada

 

 

İspan pilləkənlərindən mənzərə

 

Açar oyuğundan baxış – 3 ölkədən keçir

 

 

Simmetriya

 

Skripka ustası

 

Roma

TAGS
Italy Rome
RELATED POSTS
COMMENTS